Oqtay Əsədov: “Parlamenti buraxın getsin… Əgər qayıtsa, sizindir…”

06/03/2013 13:28

727a9bbb82a815e280c5507c3eae4cc2esedovDünən  – martın 5-də Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkilləri Topazın qumar olub olmadığı haqqında saatlarla müzakirə aparıblar. Nəticəni isə Milli Məclisin spikeri Oqtay Əsədov deyib, o bildirib: “Topaz qumar deyil. Bu gənclərin idmana, elmə olan münasibətinə töhfələr vermək üçün kiçik bir oyundur…”

Bu açıqlamalar çox adama qaranlıq qaldı deyə Qazzetti.com bu məsələni də araşdırdı. Araşdırmalarımızdan məlum oldu ki, Nərimanov metrostansiyasının yanından 106-ya minsək düz Milli Məclisə qədər gedib çıxa bilirik. Camaatın yarım milyona gedib çıxdığı Milli Məclisə 20 qəpiyə gedib çatan müxbirimiz  Oqtay Əsədovla kiçik də olsa söhbət etməyi bacardı. Oqtay Əsədova açıqlaması barədə soruşan müxbirimiz bu cavabı aldı:

“Bəli, Topaz gənclərimizin elmə olan marağını artırır. Birincisi, onlar yazı-pozu işləriylə maraqlanırlar. Qəbul imtahanında o xanaları doldura bilmədiyi üçün universitetə girə bilməyən uşaqlar var, Topazda elə dəqiq doldurullar ki o xanaları. Bunları görmək lazımdı. Sonra, gənclərimiz orda güclü riyazi hesablamalardan və məntiqdən istifadə edir. İki ay Topazda oturub, magistraturaya girən uşaqlar tanıyıram. Uşaqlar bizim gələcəyimizdir. Məktəblilərimizdən də danışım sizə. Elə onlar da riyazi hesablamalarla məşqul olurlar, tanımadığı şəhərlərin futbol klublarına pul qoyaraq coğrafi biliklərini artırırlar. Topazdan çıxıb qəbul imtahanlarına girən – 150 balı rahat keçən uşaqlar var. Təhsil Nazirliyinin eləyə bilmədiyini, Topaz elə rahat edir ki…

Elə çox uzağa getməyin, məndən yazın. Dünən Manchester-ə qələbə yazmışdım, 2 manat da pul qoymuşdum, necə yandırdım e…”

Axırıncı açıqlamasından sonra kövrələn Oqtay müəllim oxuculara, parlamentin buraxılmasını istəyənlərə də kövrək ismarıcını göndərdi..

“Parlamenti buraxın getsin… Əgər qayıtsa sizindir, əgər qayıtmasa heçvaxt sizin olmayıb – demək ki…”

Şərhlər