Bütöv Azərbaycan Təsbeh Fırladanlar Cəmiyyətinin prezidenti: “Olimpiya zirvəsini təsbehlə fəth edək…”

03/03/2013 14:22

bircenubsheherinde1aq0Məlum olduğu kimi, güləş idman növünün Olimpiya Oyunları siyahısından çıxarılması Azərbaycan idman cəmiyyətinin qəmə düçar olmasına, kədərə boyun əyməsinə səbəb olmuşdu. Üzünün güləcəyini 1 aprelə saxlayan idman cəmiyyətini eşitdiyimiz, lakin dəqiq bilmədiyimiz bir xəbər sevindirib. Belə ki, müxbirimiz evlərinin yaxınlığındakı çayxanada öz vaxtını öldürən zaman mənşəyi məlum olmayan xəbər eşidib.

Xəbərə görə “Klassik Azərbaycan Çayxanalar Birliyi” və “Bütöv Azərbaycan Təsbeh Fırladanlar Cəmiyyətinin” təşkilati, maddi, mənəvi dəstəyi ilə I Yeni Azərbaycan Təsbeh Fırlatma çempionatı keçiriləcək. Xəbəri dəqiqləşdirmək üçün müxbirimiz daha vaxtını çayxanada öldürməyib birbaşa “Bütöv Azərbaycan Təsbeh Fırladanlar Cəmiyyətinin” prezidenti təsbeh fırlatma üzrə 5 qat Maştağa, 3 qat Bakı və 1 qat play station çempionu olan Qabil Hüseynquliyevin yaşadığı məhəlləyə fitilləyib. Müxbirimiz gənc nəslə öz cavanlıq səhvlərindən söhbət xırdalayan Qabil Hüseynquliyevin yanına güclə yaxınlaşaraq söhbətə kurs olub, ona suallarını döşəməyə başlayıb.

Qabil Hüseynquliyev bu mövzuda sualları eşidən kimi “peşmansan mırta bir söz deyəsən ehehe” deyərək gülməyə başlayıb. Lakin bu ideya ilə tutuzdurduğunu görən Qabil müəllim dərhal mövzuya keçib və sualları cavablandırmağa başlayıb. “Güləşin siyahıdan çıxarılması köhnə idmançı kimi məni də kədərləndirdi. ühühüh, Axı olimpiyada da tək medal ümidimiz güləş idi, ühühüh…” bildirən köhnə çempion fikirlərini nikbin şəkildə yekunlaşdırıb. Onun fikrincə alternativlərlə zəngin olan Azərbaycan xalqı dünya idmanına yeni idman növü ilə töhfə verəcək. Güləşlə yalnız gənclər məşğul olurdusa bu idman növü ilə on yeddidən yetmiş yeddiyə hər kəs məşğul ola bilər. Yarışlar müxtəlif yaş kateqoriyası üzrə keçiriləcəyinə görə Azərbaycan idmançıları bir neçə yaş qrupunda qızıl medal qazana bilər.

Qabil müəllim həyat yoldaşının evdə çörək gözlədiyini və çörək almaq adı ilə evdən çıxdığını bəhanə edərək çempionat barəsində suallara qısa və lakonik cavab verib. Çempionat ilk dəfə keçirildiyindən və marağın böyük olmasından dolayı açıq şəkildə və “uduzan çıxır” prinsipi ilə deyil “bəxtini bir daha sına” prinsipi ilə keçiriləcək. Yarışların ilk mərhələsi 8-ci kilometr qəsəbəsindəki “Vasmoy uşaqları” çay evində, 6-cı mikrorayındakı “Qeyrət damarı” çayxanasında və kənd Xırdalandakı “Peysər çıxan bizdən deyil” ti-xausda (tea house) keçiriləcək. Çempionatın devizi isə “yaxşı oğlan qız fırlatmaz, təsbeh fırladar” olacaq.

Şərhlər