Uğur qazanmağın yolları

24/02/2013 13:20

ugur_qazanmaqUğur qazana bilmirsiz? Qazanıb xərcləyə bilmirsiz? Heç bir işiniz düz gətirmir? 40 yaşınız var amma həyatda özünüzü tapmamısınız və özünüzü tapmaq üçün Xoşqədəmə müraciət etmək istəyirsiniz? Biz də beləyik!

Ona görə də bu gün Siz və özümüzə uğur qazanmağın yollarını açıqlayırıq! Həm də elə-belə yollar yox. Pis yollar, axırıncı yollar!

Qayda 1. Uğur qazanmaq üçün tənbəl olmamaq lazımdır! Amma siz tənbəlsiz. Tutaq ki, lap tənbəl deyilsiniz. Durub eləmək istədiyiniz işi gördünüz yenə alınmayacaq da. Guya tanımırsınız özünüzü? Kimi alladırığe burda?

Qayda 2. Uğur qazanmaq üçün maraqlarınızın arxasınca gedin! Bilirik axırıncı dəfə 5ci sinifdə qız dalınca getmisiniz. Təcrübəsizsiniz. Gördünüz ki, sürətli gedir, minin taksiyə siz də sürətli olun. Amma sizin pulunuz da yoxdu axı. Maraqlarınız harda olacaq, siz harda. Nətər adamsız a Siz.

Qayda 3. Bəxt sizi izləsin gərək! Hərşeylə yanaşı gərək adamı bəxt də izləsin. Sizi amma twitterdə cəmi üç nəfər izləyir bəxt hardan izləyəcək. Onun da biri maraqlı məlumatlar, biri aforizm, o biri də mevlana21 profilidi. Hələ utanmırsız girib o gün Mevlanaya “aa nə zor yazırsan qaqaş” yazmısız.

Qayda 4. Bu günlə yaşayın. Bugünə fokuslanın! Dünən gücnən sağ çıxmısınız, keçmişdə də bidənə də olsun normal xatirəniz yoxdu. Sabah da Sizin nəyinizə lazımdır. Görün bugün nətər salamat çıxacaqsınız, yeməyə nə tapacaqsınız. Həyat çətindi vallah.

Qayda 5. Səhv edin! Siz də maşallah bundan yaxşı heç nə bacarmırsızki. Siz məsləhəti səhv başa düşmüsüz. Səhv edin o demək deyil ki, çaynikdə yemək qızdırın, köhnə sevgilinizə mesaj yazanda “a səhv elədime“ yazasınız. Adam olun arada düz də nəsə eləyin, onu da biz deyək gərək?

Qayda 6. Səbrli olun. İndi hardasa 30-40 yaşınız var. Biraz da səbr eləsəz elə dərddən ölüb eləyəcəksiz. Nə qalıb ki..

Şərhlər