Bəxtiyar Hacıyev : “Turbo saqqızından çıxan maşın şəkilləriniz varsa şəkillərimi onlarnan da dəyişə bilərəm”

21/02/2013 15:30

bextiyarÖlkədə beş qəpik qoymayan, hələ uşaq vaxtlarından 3 qəpiklik qızlara 5 qəpiklik dəyər verib 2 qəpiyin dalınca ağlayan Bəxtiyar Hacıyev yeni bir təşəbbüslə gündəmə gəlib.

Belə ki, “Müsibət dəyişiklik” təşkilatının sədri və eyni zamanda da yeganə üzvü Bəxtiyar Hacıyev (ing: Bakhtiyar Hajiyev) indi öz şəkillərini satmaqla məşğuldu. Bu haqda danışmaq üçün Qazzetti redaksiyasına Bəxtiyar özü şəxsən müraciət etdi. Biz birinci onu səhv başa düşdük, elə bildik qəpik-filan istəyəcək, ona görə də, qapını açmadıq. Bir uşaq göndərdik ki, desin Qazzetti evdə yoxdu.

Sonradan anladıq ki, o dərdini bölüşməyə gəlib və bizə hədiyyə olaraq öz sünnət şəklini gətirib. Bizə də çox lazımdı axı. Nəysə… Bəxtiyar deyir ki, “Şəkillərimi satıram, yaxşı gəlir də əldə edirəm.  İndi “Müsibət dəyişiklik” komandasıyla oturduq fikirləşdik ki, oturduq deyəndə bir dənə stulumuz var elə özüm oturdum fikirləşdim ki, bu işi daha da şəbəkələşdirək, sadə vətəndaşları da məlumatlandıraq… Buna doğru ilk addımı da atmışıq. İndi metrolardan Mir Mövsüm ağa şəkillərini yığışdırıb, mənim şəkillərimi dövriyəyə buraxacayıq. Vallah nə verərsiz, verərsiz…”

Bəxtiyar deyir ki, onun bu təşəbbüsündən evdəkilər yaman narahatdı:  “Anam deyir ki, a bala, qonaq gələndə daha onlara şəkil albomu göstərə bilmirik, vaxt da keçmir elə olanda, nətər eliyək biz? Heç olmasa, o 1 yaşında vannada lüt oturduğun şəkilləri satmazdın.”

Sonda Bəxtiyar birşey də qeyd elədi, dedi ki, şəkillərimə pul vermirsiz verməyin; “Burdan həmin adamlara səslənirəm, heç olmasa turbo saqqızından çıxan maşın şəkilləriniz varsa gəlin onlarla dəyişdirək şəkillərimi. Elə xoşum gəlir ki, o maşın şəkillərindən…”

Bəxtiyarla sağollaşandan sonra redaksiyamızda onun növbəti addımlarının nə ola biləcəyi barədə müzakirələr apardıq. Bizim təxminimiz belədi ki, Bəxtiyar təxminən bir aydan sonra alüminium və şüşə butulka təhvil verməyə başlayacaq. Gözləyək, görək…

Şərhlər