“ANS özünü elə aparır, elə bil Elgizi də efirə biz buraxırıq…”

25/05/2015 08:08

1386855413_ergiz-basqa-resmQazzetti Sizə bu dəfə televiziya kanalları arasında yaşanan qalmaqaldan xəbər verəcək. Qalmaqal sözünü bü sözü hər qafiəsində təkidlə işlədən Elşad Xosedən öyrənən müxbirimiz söz-söhbətlər çıxan kimi dərhal hadisə yerinə yollanmışdır. Xatırladaq ki, “mən bizim kanallara baxmıram, evdəkilər baxanda eşidirəm də məcburi” deyən müxbirimiz hadisə yerinə 6 nömrəli avtobusla getmişdir. Avtobusun sürücüsü müxbirimizi tanıyaraq “Ə sən o qazzetti yazan oğlan döyülsən?” deyib və sonra əlavə etmişdir:

“Siz saytı oxuyuram. Yaxşı yazırsınız, prosta düz yazmırsınız. İki kəlimə xəbər soxub, çıxıb gedirsiniz. Sən də indi kanallara gedərsən yəqin. O səhər Elgizin, axşam Xoşqədəmin verilişində ağlaşan xalalar var e, hamısını dayın aparır da onların ora. Dayının əslində sənəti başqadı e, mənim üç dənə diplomum var…”

Taksist ruhlu sürücünün əlindən güc-bəlaynan qaçan müxbirimiz son hadisələrlə bağlı kanallardan müsahibə almağı da bacarıb. ATV telekanalının əməkdaşı müxbirimizi görən kimi ağlayaraq gileylənməyə başlamışdır. Müxbirimiz ona “ağlama, qurban olum, sən şeyləmə” desə də kanalın işçisi göz yaşlarında boğularaq danışmağa başlayıb:

“Qurban olum Sizə, ANS elə danışır ki, guya ATV-də qalan hamısı belə bomba aparıcıdı, bir dənə Mətanətdə çatmır? Biz hamımız kolbasadan tut, ayaqqabı mazına kimi hər şeyi reklamında oynayan adamlarıq da. Bizə baxandadı da günah. O gün tualet kağızı reklamı gəlmişdi, deyirdilər ki, canlı efirdə bir dənə bunun istifadə qaydalarını göstərərdiniz də, gücnən yola salmışıq, yoxsa aparıcılarımız reklam görəndə dəli olur.”

Kanal işçisi kiçik bir əlavə etdikdən sonra müxbirimizin yanından ayrılıb:

“Özü də ANS elə danışır ki, elə bil Elgizi də efirə biz buraxırıq. Yenə bizim aparıcılarımız qəşəngdi. Bir şey də deyim, Halal nemət, min bərəkət kolbasaları kişi kimi ləzzətlidi da, yox? Şpaqat açım sizin üçün. Dayan, Bax…?”

Bu söhbətdən sonra beyni yanan müxbirimiz ANS-ə də müraciət etmişdir.  Lakin ANS-də elə qapıdakı qoruyucu Mirşahin kimi danışmağa başlayıb deyə, qatı İlqar Mikayıloğlu fanatı müxbirimiz içəri girə bilməyib və müsahibədən imtina edib:

“Mən tutaq ki, Sizi içəri buraxdım. Siz də söhbəti tutdunuz. Bu nə tuthatutdu axı. Elə bizə birinci sinfə gedəndən tutmağı öyrədirlər. Tutu topu tut. Tutu da neyniyir? Sonra topu atır. Bildirir ki, mən bu məsuliyyəti boynuma götürə bilmərəm və məsuliyyəti neyniyir? Boynundan atır. Atılan hər daş da topuğa dəyir, bəlkə də heç bütün bunlara dəymir?”

Hadisə haqqında Space və AzTv kanallarının məsul şəxsləri də fikirlərini bölüşüblər.

Space kanalının işçisi məsələyə fərqli lakin fərsiz bir açıqlama gətirib:

“Onu bilmirəm. Amma ATV-də keçən həftə bomba hind kinosu verdilər, onun kasetini bizə versəydilər, basıb bir həftə dalbadal göstərərdik, arada da xəbərlər, ox, əjdaha olardı”

AzTv kanalına “kanallar arasında bu mübahisəyə necə baxırsınız?” sualıyla müraciət edən Breyn Rinq-ə hazırlaşmaq üçün səhvən boksa gedən müxbirimiz bu cavabı alıb:

“Bəli, tamamilə düz buyurursunuz, oyunların məşəli bu gün Tovuzdaydı. Sual oluna bilər, Tovuz hara,  Avropa hara, oyunlar hara, amma xahiş edirəm elə suallar olunmasın. Xətrimizə dəyməyin, Tovuzda çox gözəl aşıq oyunları olur da”

Kor-peşman redaksiyaya qayıdan müxbirimiz bu boyda müsahibədə Maşın Şouya söz ata bilməməyin ağrı-acısıyla yazı masasının başına keçmişdir.

Şərhlər