BEGOC-un könüllüləri danışdı…

07/05/2015 17:11

baku2015_e2enAvropadan xəbərsiz ilk Avropa Oyunlarını təşkil edən Azərbaycanda oyunlarla bağlı qızğın işlər davam edir. Hər gün davam edən bu işlərlə yaxından tanış olmaq, bir də könüllü qızlara baxmaq üçün komitəyə yollanan çılğın müxbirimiz qızğın işdən azca vaxt ayıra bilən könüllülərlə söhbətləşə bilib. “Düzü biz elə də çox iş görmürük, elə belə, yalannan ora bura qaçırıq” deyə söhbətə başlayan könüllülər onu da əlavə edib ki, onların əsas hədəfi şirkətin adını düzgün tələffüzünü öyrənməkdir: “Hərə bir söz deyir, Beqok, Biqok, Beqoc, Begoc, Beqos… Hələ bilmirik ki, doğru tələffüz hansıdı, amma bizim də işimiz elə bunu aydınlaşdırmaqdır”.

Könüllülər məşəllə bağlı da öz fikirlərini bildiriblər: “Çoxları bunu bilmir, ammça eksklüziv olaraq Qazzetti-yə açıqlayaq, deməli biz könüllülərin də öz məşəli var. Biz estafeti Eurovision könüllülərindən almışıq. Bilirsiniz də, tariximizdən bir mənasız Eurovision könüllüləri nəsli gəlib keçib. Biz də onların davamçılarıyıq. İnşallah, növbəti İslam Oyunları könüllülərinə məşəli təhvil verəcəyik”.

Könüllülər BEGOC-da işləməməyin çətinliklərindən də danışıblar: “Vallah, keçən dəfə mənim bir dostum elçiliyə gedib, qızın ailəsi bu oğlan BEGOC-da işləmir deyə qızı verməyib, bunu da döyüb, evdən qovublar. Atasına da deyiblər ki, BEGOC-a yoldan keçəni də işə götürüllər, Sizin oğlunuz nətər olur ki, orada işə girə bilməyib. Utanırsınız heç? Bizim nəslimizin adını çıxarmaq istəyirsiniz? Gərək camaat desin ki, filankəsin kürəkəni heç BEGOC-da da iş tapa bilməyib”

Bundan sonra könüllülər Avropa Oyunlarının qəhrəmanlarının da yaranma tarixini danışlblar: “Təzə bir işçi gəlibmiş bura, ilk iş gününün sonunda hisslərini saxlamayıb, binanın ortasında qışqırıb ki, ala nə babat ceyrannar işləyir burada. Ondan sonra bu fikir təşkilatçıların da ağlına batıb, ceyran və nar-ı əsas simvol olaraq götürüblər”

Avropa Oyunlarından sonra yaranacaq kütləvi işsizlik barədə də suallarla müraciət edən müxbirimiz könüllülərin rişxəndi ilə qarşılaşıb. Rişxəndin nə olduğunu bilməyən müxbirimiz məcbur qalıb ki, onların dediklərini olduğu kimi yazsın: “İşsizlik barədə bizim heç bir məlumatımız yoxdu. Biz könüllülərə hər zaman iş var. Hər yerdə. Əsas odu pozitiv olaq, pozitiv qalaq.” Könüllülər öz müsahibələrini müxbirimizə “kasıbçılıq sizin beyninizdədi” deyərək yekunlaşdırıblar.

Şərhlər