PS: Zaten oğlan da narkomandı…

08/04/2015 11:38
PS: Zaten oğlan da narkomandı...

PS: Zaten oğlan da narkomandı…

Bu günlərdə şəhərimizin ən məşhur əyləncə mərkəzlərindən olan Zəfəran apteklərində yeni kitab təqdimatı keçirildi. Qazzettinin kövrək, amma bir o qədər də məğrur müxbiri hadisə yerinə özünü yenə ilk olaraq çatdırmağı bacardı.

Hər şeydən əvvəl kitab təqdimatının niyə Zəfəran apteklərində keçirilməsini soruşan müxbirimiz, kitabın müəllifindən çox maraqlı cavab alıb:

“Çünki kitabın yan təsirləri olur, zərərləri çox ola bilər. Kitab yazırıq e, amma lap məsuliyyət hissimizi də itirməmişik də. Bu kitabı oxucular ancaq həkim resepti ilə ala bilərlər. Amma həkimin reseptinin kitabdan daha çətin oxunması və daha maraqlı olmasına heç birimiz cavabdeh deyilik…”

Müxbirimiz kitabın adı və məzmunu (red: burada müxbirimizi gülmək tutub) barədə sual verməyi də unutmayıb. Kitabın müəllifi bu sualı belə cavablandırıb:

“Unudulanlar da unudanları heç vaxt unutmurlar e, bacım. Mən və mənim qohumlarım oğlanın narkoman olduğunu ayrılıqdan sonra öyrəndik. Dostlarım mənə tez-tez təsəlli verirdilər. “onsuzda o oğlan sənə layiq deyil” , “az mən həmişə demişəm də o kəndçi hara, sən hara..”, “o onsuzda səni alan döyüldü” , “özü peşman olub qayıdacaq e, bacım” və s. Axırda isə bir dostum təsadüfən öyrəndiyi bir faktı mənə açıqladı. Bəli, zaten oğlan da narkomanıymış.”

Tədbirin açılış hissəsi də çox kövrək alınıb.“Salam, əziz kitab qurdları” dedikdən sonra kədərlənən kitabın müəllifi daha sonra bu əsl instagramlıq kədərinin səbəbini açıqlayıb:

“Kitab qurdları da deyirəm, amma belə kitabın təqdimatında kitab qurdunun nə işi var, bura gəlsə-gəlsə alma qurdları gələr, nəm o analizdə çıxan qurdlar var e… nəysə dərinə getməyim.”

Kitabın təqdimatında iştirak edən məşhur qonaqlardan Qənirə Paşayeva tədbir zamanı iki nəfəri intihardan yayındırmağı, üç dəfə isə erməniləri səhv çıxarmağı bacarıb. Axır vaxtlar nə iş gördüyü də danışığı qədər dolaşıq olan Çingiz Abdullayev isə tədbir zamanı üç dəfə öz-özünü səhv çıxarmağı bacarmışdır.

Kitab isə ilk günlərdən bestseller-lər siyahısına düşməyi bacarıb. Zəfəran apteklərində satışa çıxan kitab bu siyahıda yalnız teraflyu və tetrasklin kimi digər məşhur əsərlərə uduzur.

Şərhlər