Xəstə: “Mədəmdə ağrı yox idi, çünki həkim səhvən ürəyimi əməliyyat eləmişdi”

15/09/2013 00:21

dr-arturo-chayetBu yaxınlarda paytaxt sakinlərindən biri mədə plikasiyası, yəni mədənin həcminin azaldılması əməliyyatına girdiyi halda ürəyindən əməliyyat olunub. Mədəsinin harda olduğunu bu yaşına kimi dəqiq bilməyən, ürəyi bəzən qarnında atan küskün müxbirimiz zərərçəkən Yusif Məhərrəmovun axtarışına çıxıb və ondan müsahibə almağı bacarıb. Zərərçəkənimiz hərşeydən əvvəl bildirib ki, o əvvəllər evdən gizlin çəkirmiş, sonra evdəkilər də onun zərər çəkməyinə öyrəşib.

Hadisələri açıqlayan Yusif bəy həyatdan razı bir üz ifadəsi ilə məsələlərə aydınlıq gətirib:

“Köklükdən əziyyət çəkirdim. Cavanlıq vaxtlarımla müqayisədə 4-5 kilo kökəlməyim məni çox narahat edirdi. Siz cavan olanda məni görərdiniz e, baxan deyirdi bir də baxım. Nəysə. Artıq 65 kilo olmuşdum. Qonşumuz da eynən mənim kimi əziyyət çəkirdi. O 120 kilo idi, mədə həcmini azaltdıqdan sonra 20 kilo verməyi bacarmışdı. Özü gəldi mənə dedi ki: “Köklükdən əziyyət çəkirsən? Rahat nəfəs ala bilmirsən? Sən də hamı kimi cəld hərəkətlər etmək istəyirsən? Elə isə durma, elə indi Ceyhun həkimin qəbuluna yazıl”

Müsahibimiz Yusifin sonraki açıqlamaları daha da maraqlı olub.

“Sonra başa düşdüm ki, bu axmaq qonşum reklamla məşğuluymuş, amma həmin an ona inanıb fikirləşdim ki, o 20 kilo verirsə, mən niyə 5 kilomu qoyum özümdə qalsın? Əməliyyata girməyi qərara aldım və həkim tamamilə təhlükəsiz olacağını dedi. Elə də oldu. Mədəmdə, inanırsız, bir qram ağrı hiss eləmədim, həkim səhvliklə ürəyimin aşağıdan bir parçasını kəsib götürüb. Bu problem deyil, əsas can sağlığıdır, əsas ürəkdir. Mən indi özümü çox xoşbəxt hiss edirəm”

Zərərçəkən Yusif Məhərrəmov hətta artıq yeməyini azaltdığını və 2 kilo verdiyini də deyib. O deyib ki, artıq onun ürəyi elə də yemək istəmir. Yusif müəllim müxbirimizə sevgi ilə bağlı məsləhətlərini də verib :
“ Həm də bu mənim ilk belə təcrübəm deyil. Bir qız varıydı, o da o vaxt mənim qəlbimi qırmışdı. Ona demək istəyirəm ki, səni əvvəl bütün ürəyimlə sevirdim amma indi yox. Bu tamamilə tibbi səbəblərdəndir, incimə…”

Hadisədən təəccüblənən qazzetti müxbiri xəbərin ləzzətini biraz da artırmaq üçün məsələni araşdırıb və Yusif müəllimin əməliyyatını edən cərrah Ceyhun Qəlbisözlə əlaqə saxlayıb. Ceyhun bəy isə fəxr hissi ilə əməliyyatın ürəyin bir hissəsini kəsməklə xəstədə heç bir mənfi hadisəyə yol açmaması ilə bağlı müxbirimizin sualını cavablandırıb:

“Bilirsiniz necədir, insan istədikdən sonra istədiyi hər şeyə nail ola bilər. Biz Azərbaycan həkimi olaraq düşündüyümüz və ya düşünmədiyimiz hər şeyi həyata keçirə bilirik. Çalışırıq ki, bu kimi təcrübələrlə öz işimizdə ixtisaslaşaq. Xəstənin sağlamlıq vəziyyətini isə düşünməməyə çalışırıq, onsuz da zəmanə elədir ki, hamı özü üçün çalışır. Kim başqasını fikirləşir ki? Şikayətə gələnlərə də deyirik ki, buraxın həyatımızı istədiyimiz kimi yaşayaq, cəhənnəmdə yanacaq olan bizik. ”

Həkim milli mənəvi dəyərlərimiz haqqında da danışıb:

“Bizdə söz var, kişinin qəlbinə gedən yol mədəsindən keçir. Biz də bu əməliyyatda öz dədə-baba misallarımıza uyğun şəkildə hərəkət etməyə çalışmışıq. Mədəyə gedən yol işləmirdi, biz də alternativ yollardan istifadə edib birbaşa ürəyə yol tapdıq, hər iki problemi həll etdik, hamımız Azərbaycanlıyıq da”

Şərhlər