Milli Şura kölgə kabineti yaratdı!

05/07/2013 17:57

8ov3uj6t1WDaMilli şura üzvləri artıq indidən kölgə kabineti yaradıb. Bu təşəbbüs isə Milli Şuranın əsas üzvlərindən olan İsa Qəmbərdən gəlib. Milli Şuranın iclasına da məhz İsa Qəmbər başlayıb: “Bakıda hava yaman isinib. Buranın da pəncərələri açıxdı, gün adamı lap yandırır. Gəlin keçək kölgədə bir kabinet tapaq, orda oturaq.” İsa bəyin təşəbbüsü hər kəs tərəfindən bəyənilsə də, ilk reaksiya onun mehriban düşməni Əli Kərimlidən gəldi: “Mənim xarici pasportum yoxdu, kabinet buralarda olsun, xahiş edirəm…”

“Kabinetləli kölgələlə, insanlalı bölgələlə bölməyək” deyən Etibar Hüseynova isə heç kim qulaq asmayaraq kölgə kabinetini açıqlamağa başlayıblar. Vahid Namizədin Rüstəm İbrahimbəyov olduğu əvvəldən bilindiyi üçün digər vəzifələri üzvlər öz aralarında bölüşüblər.

Milli Şuranın kölgə kabineti isə aşağıdakı kimidir:

Rəsul Quliyev – Rabitə və İnformasiya Texnologiyaları naziri; Skype, Youtube və aktiv bloqqerlik fəaliyyətinə görə.

Əli Kərimli –  Asan Xidmət-də xarici pasport verən şöbə rəhbəri

İsa Qəmbər – Onun başını yenə alladıb müxalifətin lideri qoydular.

Elşad Əliyev – yeni rejissor, Rüstəm İbrahimbəyovun əvəzi.

Jamal Ali – yeni bayraqdar, Elman Türkoğlunun əvəzi.

Həbib Müntəzir – AzTV-nin rəhbəri

Bəxtiyar Hacıyev – Milli Bankın qəpik-quruş üzrə şöbə müdiri

Hikmət Hacızadə – Konservatoriyanın sədri

Qənirə Paşayeva – Daxili İşlər naziri. Yeni şeirlər yazıb, daxili işlərlə, ürək məsələləri ilə maraqlanacaq.

Ağalar Məmmədov – Prezidentin şəxsi bərbəri

 

Emin Milliyə isə bu sistemdə yer tapılmadığı üçün o Milli Şuradan küsüb, gedib özünə yeni “Emin Milli Şura” yaradıb.

Kölgə kabinetinin yarandığını eşidən kimi müğənnilər də indidən yeni mahnılar yazmağa başlayıblar. Faiq Ağayev məşhur “Dahi” mahnısını dəyişib “Dahi rejissor” deyə oxuyacağını qeyd edib, Bilal Əliyev isə Rəsul Quliyevə yeni mahnı yazıb: “Fanardır Rəsul”. Mahnı sözləri isə təxminən belədir;

“Ümumdünya hörümçək toru,

mən heç kimə tor hörmürəm,

Veb kameranın işığını yandır,

Axı səni yaxşı görmürəm…”

İlqar Muradov isə xalq artisti adı almaq istədiyini bildirib. O, lazım gəlsə bu küçənin döngəsində, bu kabinetin kölgəsində dayanıb ona xalq artisti adının verilməsini gözləyəcəyini qeyd edib.

Şərhlər