Mərkəzi küçədə çöldə yerləşən bütün kafe və restoranları yığışdırdılar: “Bu çöldə qoyulmuş stullar çox əxlaqsız idi. Camaat gedib, onların qucağında otururdu, yaxşı deyil axı.”

10/06/2013 20:01

pasaj bazari nizami kuchesi torqovi(09.07.2010)

Hər dəfə öz yenilikləriylə bizi güldürən, şənləndirən, şəhərin həyatına rəng qatan Bakı İcra Hakimiyyəti öz yeni qərarı ilə də şəhər sakinlərini təəccübləndirməyi bacarıb. Bu həftə Bakıda çöldə yerləşən bütün kafe, restoran, ticarət obyektləri icra hakimiyyəti tərəfindən yığışdırılıb. Şəhərdən gəzintiyə çıxan, şəhərin içini-çölünü əlinin ovcunun içi kimi bilən müxbirimiz hadisədən xəbər tutan kimi tutduğu xəbəri redaksiyamıza ötürüb.

İçi-çölü bir olan, “Vallah içim necədisə, çöldən də elə görsənirəm” deyən müxbirimiz hadisə ilə bağlı İcra hakimiyyəti işçisindən fikir ala bilib. İcra hakimiyyətinin nümayəndəsi bildirib ki:

“Bu çöldə qoyulmuş stullar çox əxlaqsız idi. Camaat gedib, onların qucağında otururdu, yaxşı deyil axı. Bu ölkədə belə şeylərə icazə vermərik. Keçsinlər içəridə kim-kimin qucağında istəyir otursun. Həm bu çöldə oturanlar bizim hakimiyyət üçün, dövlətçilik üçün ciddi təhlükəlidir. Bu gün çöldə oturan, sabah gedib Nidaçı da olar, bunun qarşısını indidən almalıyıq.”

Bu açıqlamadan sonra isə icra hakimiyyəti nümayəndəsinin açıqlaması daha da maraqlı olub.

“ Biz bu işə yeni başlamamışıq ki, misal üçün Əli Kərimli. Ona ölkədən çölə çıxmağa pasport vermirik də. Heç çöllüyü yoxdu onun, ona görə də xarici pasport vermirik. Hər şeyi xaricidən alırlar onsuz da, gedib xarici pasportu da xaricdən alsın da. Nəysə… Sonra yeni təhsil nazirimiz məktəblərdə də bu işlərə başlayıb. “Müəllim olar çölə çıxım?” sualı verən bütün uşaqları istisnasız tutub, basırıq içəri. Bu nə özbaşınalıqdı.”

Müsahibimiz bu dalğanın ədəbiyyatdan da yan keçməyəcəyini bildirib:

“Biz ədəbiyyat sahəsində də bəzi addımlar atacağıq. Birincisi “Çölçülər ədəbiyyat mərkəzi” deyə ədəbiyyatımızda xüsusi yerə malik olmayan bir qurum var, onun adından bu çöl söhbətini yığışdırırıq. Bir də bir yazıçı var: Kəramət Böyükçöl. Onun adından da çöl-ü yığışdırırıq, qalır eləcə Kəramət Böyük. Nətər deyəllər əlbət ki bu işdə də bir kəramət var…”

Sadə paytaxt sakinləri həmişəki kimi səslərini çıxara bilməsələr də bu hadisəyə öz içlərində etiraz edirlər. Belə ki, yeni tənzimləmələrə görə etirazı çölə vurmaq da artıq qadağandır. Sadəcə gənc bir xanım bizim çöldən olan xüsusi müxbirimizə bir cümlə ilə öz etirazını çatdırıb:

“Camaat da etiraz etsin ki, otururduq çöldə 3 dost-5 düşmən görürdü ki, biz nətər yerlərdə otururuq. Kiminsə gözünə soxmalıyıq bunu ya yox, indi fəaliyyətimizi ancaq instagram-dan davam edək gərək…”

Gənc xanımın bu arzusu isə inanırıq ki, hamınızı təəccübləndirəcək :

“Əlimdə imkan olsa, bu olanlarla bağlı “ Çöllər mənim dostumdur” adlı kino çəkərdim…”

Şərhlər