ULDUZ FALI: 11 iyun – 18 iyun

10/06/2013 15:14

 

Ulduz Falı

Ulduz Falı

 

QOÇ –  Taleyin gözlənilməz sınağına hazır olun.  Taleh yenə sizi öz şit zarafatları ilə sınağa çəkəcək. Səbrli olun, üstünüzdə də bıçaq gəzdirməyin, bilmək olmaz, birdən özünüzü cilovlaya bilmədiniz.

BUĞA  – Çoxlu pul tələb edən problemləriniz yarana bilər.  Gedib tanımadığınız bir adamın Qalenvageninə vuracaqsınız, o da başqasının villasının qapısını qıracaq, qapı yerindən uçub hovuzdakı kişinin başına dəyəcək, kişinin başındakı milyonluq ideyalar uçub gedəcək…

ƏKİZLƏR – Bu həftə mühüm əhəmiyyət kəsb edən sürprizlər olmayacaq. Dostlarınız ad gününüzü unudacaq, sürpriz-zad gözləməyin, hamısının yadından çıxıb.

XƏRÇƏNG – Həftənin birinci yarısı danışıqlar aparmaq üçün əla vaxtdır. Üç yaşlı uşağınızla dil tapmağa çalışın. Indidən başa salın ki, çoxlu sual verməsin. Kompramisə getməyin.

ŞİR – Bu həftə nə qədər az danışsanız, bir o qədər faydasını görərsiniz. Həm, təkcə astroloqlar yox, stamotoloqlar da deyir ki, ağızda 32 diş olanda daha yaxşı görünür. Durduq yerə dediyiniz bir iki yerində olmayan sözə görə sayı azalmasın.

QIZ  – Yaradıcılıq potensialınız yüksək olacaq.  Ulduzlar vəd edir ki, bu həftə Qazzetti-də gülməli xəbərlər paylaşılacaq, bu da yaradıcılığınızı göstərmək üçün sizə əsl şansdır. Şərh yazanda ehtiyatlı olun. Girib altına “:D” yazmayın, yaradıcı bir şey yazın, bəlkə sizin də ulduzunuz parlaya bilər.

TƏRƏZİ  – Işdə diqqətinizi toplaya bilməyəcəksiniz.  Müdürün yeni katibəsi diqqətinizi toplamağa icazə verməyəcək. Allah yaradır da…

ƏQRƏB – Hadisələrlə zəngin həftə olacaq. Tanımadığınız bir adamın öz maşını ilə bir Qalenvageni vurduğunu görəcəksiniz, o da başqasının villasının qapısını qıracaq, qapı yerindən uçub hovuzdakı kişinin başına dəyəcək və kişinin başındakı milyonluq ideyalar uçub gedəcək. Həmin maşını sürən adam buğa bürcüdür, tanış olun.

OXATAN – Siz bu həftə boyu diqqəti cəlb edəcəksiniz, çoxları böyük məmnuniyyətlə sizinlə gününü keçirəcək. Sizin də işiniz çətindir ha, amma insafən deyək mini yupka sizə yaraşır.

OĞLAQ –  Bu həftə istənilən sferada uğur qazanmaq şansınız yaranacaq.  Amma ulduz falını oxuyub sizdə vakuumda-filan işləmək həvəsi yaranmasın. Normal insanların yaşadığı, normal nəfəs ala bildiyi sferaları nəzərdə tuturuq.

DOLÇA – Həftənin birinci yarısında çətin vəziyyətə düşəcəksiniz. O kanalizasiyanın ağzını kim açıb? – sizi ən çox düşündürən sual bu olacaq.

BALIQLAR –  Sevgilinizlə münasibətinizi nəzərdən keçirmək üçün ideal həftədir. Qardaş, gec deyil hələ, yaxşı-yaxşı fikirləş…

 

Şərhlər