Goranboyda şok hadisə: Toyda daha çox pul yığmaq üçün oğlunu ikinci dəfə sünnət etdirdi!

09/05/2013 15:57

ecDOX3wUk6L1Bu gün Goranboyda qəribə hadisə baş verib. 47 yaşlı Həsən Məmmədov öz oğlu Tağı Məmmədovu ikinci dəfə sünnət etdirib. 22 yaşlı oğul isə “atam istəsə, lap üçüncü dəfə də sünnət edilməyə hazıram” deyə qeyd edib. Kiçik bəyin bu kiçik qeydindən sonra toyda Bülent Ersoy mahnıları səslənməyə başlayıb. Goranboyun Xanqərvənd kəndində baş tutan kiçik toyda Həsən kişi çoxlu sünnət hekayələri danışaraq toya gələnlərin marağını artırmağa çalışıb.

“Keçən dəfə bir dostumuzdan Van Damın kasetini istədim, əvəzində səhvən öz sünnət kasetini verdi, mən də bütün kəndə o kaseti yaydım, arvadlı-uşaqlı hamımız oturub Əkrəm kişinin sünnət kasetinə baxdıq” deyə sözə başlayan Həsən kişi elə o dəqiqə də Əkrəm kişinin qınağına tuş gəlib.

Dəqiq, vicdanlı və goranlı müxbirimiz toy yiyəsi Həsən kişi ilə toyun təfərrüatları ilə bağlı söhbətləşib. “Bu gün-sabah uşağın böyük toyunu edəcəm. Indi 22 yaşı var, evlənmək yaşına az qalıb. Universitetə də iki dəfə sənəd verib. İki dəfə kəsilib. İki dəfə kəsilmək onun taleyində var… Müəllimlər də hazırlaşdırmır ki, bu iki dəfə kəsilib, nəyini hazırlaşdırım. Mən də dedim uşağa toy edim. İndi də böyük toy üçün pul lazımdı. Bu dəfə pulu yığdım, yığdım… Yoxsa, uşağın heç böyük toya ehtiyacı qalmayacaq. Ona görə belə maraqlı əhvalatlar danışıram ki, başqalarının marağını çəkim.”

Toyun sonunda qonaqların bir qismi son əhvalatdan sonra toyu tərk etməyə məcbur qalıb. “O vaxt bunun birinci toyunda kirvə tapa bilmədik. Əvəzində onu stolun üstünə qoyduq, elə sünnət elədik. İndi siz uşağın kirvəsinin çörəyini yeyirsiniz” deyəndən sonra qonaqlar masanı tərk ediblər. Toyun sonunda isə Ağadadaş Ağayev “Sən elə bir kirvəsən…” mahnısını oxuyub.

Şərhlər