Tağı Əhmədovdan “Yeraltından Kitablar” mağazasına böyük ittiham: “Biz yeraltında 10 ildi kitab satırıq, heç səsimiz də çıxmır…”

03/05/2013 14:01

загруженное2012-ci ildə Azərbaycanda yeni kitab mağazası “Yeraltından kitablar” mağazası fəaliyyətə başladı. Qazzetti-nin layihənin rəhbərlərinə yaxın olan etibarlı mənbələrdən aldığı məlumata görə,  “Yeraltından kitablar” layihəsi zirzəmilərdə, kiçik dükanlarda peraşki, qutab satan xalalardan ilhamlanaraq yaradılıb. Hətta hələ başlamamış layihənin rəhbərləri “Yeraltından qutablar” adı altında bir yer açmaq istəsələr də, sonradan kitab satmaq fikrinə gəliblər. Buna səbəb isə alıcılara “hə, əziz qutab qurdları…” kimi xitablarla müraciət etmənin etik olmadığını düşünmələri olub.

Bu il Yeraltı layihəsinin yeni mağaza açmağı düşündükləri bir vaxtda isə onlar heç gözləmədikləri yerdən gələn ittiham ilə üzləşiblər. Qaşınmayan yerdən qan, daşınmayan əmlakdan söz-söhbət çıxardan müxbirimizin verdiyi məlumata görə, Metropolitenin rəisi Tağı Əhmədov “Yeraltından kitablar-”ı oğurluqda ittiham edib. Tağı müəllim bildirib: “Yeraltında kitabları ilk dəfə biz satmışıq. Metro Azərbaycanda fəaliyyətə başlayan gündən  etibarən biz bu işlə məşquluq. Stansiyalarımızın çoxunda kitablar satılır.  Onlar bu adı bizdən oğurlayıblar, adlarını dəyişməsələr bu onlar üçün çox pis olacaq.”

Tağı müəllim bundan əlavə metroda ən çox satılan kitabların müəllifləri haqqında da danışıb: “Ən çox satılan müəlliflərdən biri Deyl Karnegidir. Düzdür, bizə bu yaxınlarda dedilər ki, o karnegi deyl, başqasıdır, amma mən buna inanmadım. Bundan başqa, Çingiz Abdullayev adında Yazıçılar Birliyi var, 3-4 nəfər birləşib eyni ad altında yazırlar, onların kitablarını da camaat yaman oxuyur, sağolsunlar.”

Biz Deyl Karnegi ilə əlaqə saxlamağa çalışsaq da telefona çıxan xanım  bizə bildirdi ki, səhv düşmüsüz, bu Karnegi deyil. Buna baxmayaraq, biz Çingiz müəllimlə danışmağı bacardıq, onun təmiz azərbaycanca danışmasından demək olar heçnə başa düşmədik amma bu cümləni təxminən anlaya bildik:

“Yoxdur xaricdə elə yazuçular ki, olarun kitablaru metrolarda belə satsun…”

Şərhlər