Azərbaycan dili təmizlənəcək, səhv danışanlar “nakazat” olunacaqlar.

11/04/2013 16:00

eofmq0387Bu günlərdə Azərbaycanda daha bir maraqlı xidmət istifadəyə veriləcək. Çayı qaynar içən, hər zaman qanı qaynayan ölkə əhalisi üçün daha bir qaynar xətt istifadəyə veriləcək.  Bu xidmət azərbaycan dilinin təmiz saxlanılmasına xidmət edəcək.  Əgər dilə zibil tökənlər olacaqsa dərhal bu xidmətə müraciət edə biləcəksiniz.  Dili təmiz saxlamaq üçün olan qaynar xətt Sizi “Bura zibil tökən atasına lənət” ifadəsi ilə qarşılayacaq. Bundan əlavə tanışlarınızdan səhər dişini fırçalamayanlar, ağzını, dilini təmiz saxlamayanlar olduqda da bu xidmət sizin köməyinizə gələcək.

Bu xəbər qocalı-cavalı, ağalı-nökərli da və də-ni ayıraraq, özünü azərbaycan dili müəllimi sayan bütün insanları sevindirdi. Sevinənlər siyahısında xüsusən görkəmli Azərbaycan dilçisi Nigar Camalın adını qeyd edə bilərik. Xatırladaq ki, Qazzettidə uzun müddətdir dilin təmizlənməsi işinə başlayan Cavid Xonçalı da bu xəbərə ən çox sevinənlərdən biri olub.

Bu xidmət insanlara əsasən qədim Azərbaycan sözlərini öyrədəcək. Qazzettinin aldığı məlumata görə bu siyahıya “piristav elə”, “jizn boyu” , “lyuboy”, “uje”, “razborka” , “otvechat” , “priznavat eləmir”, “meşat eləmə” kimi qədim Azərbaycan sözləri daxil olacaq.

Qazzetti təbii ki, bu məsələyə də özünə məxsus yanaşdı və eyni zamanda həm Azərbaycan mədəniyyətinə həm də Azərbaycan dilinə inanılmaz bir töhfə bəxş etdi. Belə ki, biz dünyada məşhur olan iki insanın Azərbaycanlı olmasını və onların adının haradan gəldiyini araşdırıb, tapa bilmişik.

Bu məşhurlardan birincisi məşhur reper Busta Ryhmes-dı. Qazzettinin xüsusi araşdırma qrupunun aydınlaşdırdığına görə Busta Ryhmes-ın əsl adı Ramizdi, o 16 yaşına qədər Tovuzun Dönük Qırıxlı kəndində yaşayıb və gənc yaşlarında kəndin məşhur ustalarından olub. Elə indi istifadə etdiyi adı da burdan yaranıb. Hamı onun yanına gəlir və deyirmiş ki,  O usta ramiz dəhşətdi, Bu usta ramiz əsl ustadı. Burdan da o usta ramiz, bu usta ramiz, busta ramiz və nəticədə Busta Ryhmes adı yaranıb. Məşhur özü bu faktı dansa da biz bunu sənədlərlə sübut etməyə hazırıq.

Digər məşhur insan isə böyük yazıçı Charles Dickens-dir. Əslən köhnə bakılılardan olan Dickens deyilənlərə görə həmişə belini əyri tuturmuş. Anası hər zaman buna Charles dik gəz deyirmiş. Elə burdan da Charles dik gəz, Charles dik gəz, Charles dikgez, Charles dikkez və Charles Dickens adı yaranıb. Sonradan İngiltərəyə köçən yazıçı elə bu adla da məşhurlaşıb. Bildiyimizə görə onun qəbrinin fəxri xiyabana köçürülməsi ilə bağlı danışıqlar gedir..

Şərhlər